Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Şuşa şəhərini ziyarət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri Ziyəddin Kassanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin xarabaya çevrilmiş məhəllələri ilə yaxından tanış olub, erməni vandalizmini öz gözləri ilə görüblər.
Səfər çərçivəsində Vaqifin məqbərəsi, Aşağı Gövhər ağa məscidi, Şuşa qalası da ziyarət olunub. Ahıska türklərindən ibarət nümayəndə heyəti Cıdır düzünə də baş çəkib, məsciddə namaz qılınıb, dualar oxunub.